“Müasir metodist” layihəsi çərçivəsində metodik görüşlər davam edir

Tarix: 21.02.2025
Paylaş:

Ümumi təhsil müəssisələrində müəllimlərin peşəkar inkişafına töhfə verən “Müasir metodist” layihəsi çərçivəsində həyata keçirilən fəaliyyətlər uğurla davam edir. Belə ki, 16-21 fevral tarixlərində ümumi təhsil müəssisələrində müəllimlər üçün müxtəlif mövzularda metodik görüşlər keçirilib. Keçirilən görüşlər müəllimlərin metodiki bacarıqlarını inkişaf etdirmək, təlim ehtiyaclarını qarşılayaraq tədris keyfiyyətini yüksəltmək məqsədi daşıyır.

Metodik görüşlərin mövzuları əvvəlcədən müşahidə edilən dərslərin nəticələrinə əsaslanaraq müəyyənləşdirilib. Görüşlər zamanı dərs prosesinin təhlili aparılıb, müşahidə olunan çatışmazlıqlar müzakirə edilib. Bununla yanaşı, müəllimlər arasında təcrübə mübadiləsi təşkil olunub, yeni biliklərin tətbiqi üçün imkanlar yaradılıb.

Metodik görüşlərin üstünlüklərindən biri də müəllimlər arasında dəstəkləyici iş mühitinin formalaşdırılmasıdır. Görüşlərdə müəllimlər aktiv iştirak edərək kollektiv müzakirələr vasitəsilə problemlərin həll yollarına birgə nail olublar.

Növbəti mərhələdə layihə çərçivəsində müəllimlərin metodiki ehtiyaclarına uyğun və tətbiqə əsaslanan təlimlərin keçirilməsi planlaşdırılır. Bu təlimlər müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, tədris prosesinin effektivliyinin artırılması və şagird nailiyyətlərinin yaxşılaşdırılması məqsədini daşıyır.

“Müasir metodist” layihəsi ümumi təhsil müəssisələrində fəaliyyət göstərən metodistlər tərəfindən uğurla koordinasiya edilir və bu ümumi təhsil müəssisələrinin inkişafına mühüm töhfə verir. Layihə çərçivəsində həyata keçirilən fəaliyyətlər şagirdlərin akademik nailiyyətlərini artırmaq və daha səmərəli tədris mühitinin yaradılmasına yönəlib.