“Müasir metodist” layihəsinin metodisti “Yaradıcı müəllim: Yaradıcı tətbiqetmə” müsabiqəsinin qalibi oldu

Tarix: 28.02.2025
Paylaş:

 

2024-cü ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil olunan “Yaradıcı müəllim: Yaradıcı tətbiqetmə” müsabiqəsində 244 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən “Müasir metodist” layihəsinin metodisti Sofiyeva Günay “Multisensorlu öyrənmə metodunun tətbiqi” mövzusunda təqdimatla çıxış edib.

Bildiyiniz kimi, müsabiqənin məqsədi müəllimləri tədrisdə innovasiyaları tətbiq etməyə və yaradıcı təlim metodlarından istifadəyə təşviq etməkdən ibarətdir. S.Günay tərəfindən təklif edilən “Multisensorlu öyrənmə” metodu bu məqsədə xidmət edən, müasir təhsil sistemində mühüm əhəmiyyət kəsb edən yanaşmalardan biridir. Belə ki, metodun əsas prinsipi şagirdlərin müxtəlif duyğu orqanlarından eyni zamanda istifadə etməklə (vizual, eşitmə, toxunma, kinestetik və s.) bilikləri daha effektiv qavramasını, praktik tətbiqini təmin etməkdir. Bu da şagirdlərdə bacarıqların formalaşdırılmasına şərait yaradır.

Təqdimat zamanı Günay xanım multisensorlu öyrənmə metodunun müasir tədris prosesinə inteqrasiyasının zəruriliyini vurğulayıb və bu yanaşmanın tədrisin keyfiyyətinin artırılmasında oynadığı mühüm rola dair əsaslandırılmış məlumatlar təqdim edib. Təcrübələrə əsasən, qeyd edib ki, bu metodun tətbiqi zamanı şagirdlərin fərdi öyrənmə tərzlərinin nəzərə alınması onlarda öyrənmə motivasiyasını artırır, həmçinin akademik göstəricilərin yüksəlməsinə səbəb olur. Metodun tətbiqi zamanı dərs prosesi daha interaktiv və maraqlı keçir, fərqli öyrənmə tərzlərinə malik şagirdlərin təlim prosesinə daha aktiv cəlb olunmasına imkan yaradır. Günay xanımın təqdimatı multisensorlu metodların pedaqoji təcrübədə tətbiqinin əhəmiyyətini bir daha ön plana çəkib. Günay Sofiyeva I yerə layiq görülüb və diplomla təltif edilib.

Qeyd edək ki, bu kimi müsabiqə və layihələrin keçirilməsi, müəllimlərin peşəkar inkişafına mühüm töhfə verməklə yanaşı, onların tədris prosesində innovativ yanaşmaları tətbiq etməsinə və müasir təlim metodlarını səmərəli şəkildə mənimsəməsinə geniş imkan yaradır.

Günay xanımı təbrik edir və gələcək fəaliyyətində uğurlar arzu edirik!