“Müasir metodist” layihəsinin metodistləri “Örnək müəllim” mükafatına layiq görülüb

Tarix: 03.03.2025
Paylaş:


2024-cü ildə “Örnək müəllim” nominasiyasının qalibləri sırasında “Müasir metodist” layihəsinin metodistləri də yer alıb. Metodistlərin bu mükafata layiq görülməsinə səbəb onların təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində göstərdikləri səmərəli fəaliyyət və davamlı olaraq peşəkar inkişafla məşğul olmalarıdır.

“Örnək müəllim” mükafatına layiq görülən metodistlərin adlarını və bu vaxta qədər əldə etdikləri uğurlarını təqdim edirik:

Şəhanə Xəlilova Cəbrayıl rayonu Böyük Mərcanlı tam orta məktəbin metodistidir. “Müasir metodist” layihəsi tətbiq edilməyə başladığı ilk gündən fəaliyyətə başlayıb. Şəhanə Xəlilova daima peşəkar inkişafla məşğul olur. Bu tədris ilində daha bir uğura da imza atıb. Belə ki, şagirdlərlə imtahandan əvvəl stressin idarə olunması məqsədilə həyata keçirdiyi “Mənfiləri yox et, uğur qazan” mövzusunda VIII Qrant layihəsinin qalibi olub.

Nigar Osmanlı Bakı şəhəri 308 nömrəli tam orta məktəbin metodistidir. Peşəkar inkişafla davamlı olaraq məşğul olur, müxtəlif layihələrə, təlimlərə qoşulur. Beynəlxalq qiymətləndirmənin meyarlarına uyğunlaşdırılmış oxuyub-anlama və riyaziyyat üzrə hazırlanmış inteqrativ tapşırıqlı tədris vəsaitlərinin həmmüəllifidir.

Gülnar Əliheydərova Şəki rayonu 11 nömrəli tam orta məktəbin metodistidir. 2024-cü ildə Təhsildə inkişaf və innovasiyalar üzrə VIII Qrant müsabiqəsinin qalibi olub.

Könül Seyidova Bakı şəhəri 104 nömrəli tam orta məktəbin metodistidir. “Kiçik tədqiqatçılar” adlı layihədə fəal iştirak edib, həmçinin Nazarbayev adına intellektual məktəbin təşkil etdiyi “Müasir müəllim: tədrisdən tədqiqata” adlı beynəlxalq təlimin iştirakçısı olub.

Qeyd edək ki, müsabiqə AzEdu.az Təhsil Portalı tərəfindən təşkil olunub.

“Örnək müəllim” müsabiqəsinin keçirilməsində məqsəd ölkənin müxtəlif regionlarında pedaqoji ustalığı, innovativ yanaşmaları və yüksək peşəkarlığı ilə seçilən müəllimlərin ictimaiyyətə tanıdılması və onların təhsil sahəsinə verdikləri töhfələrin layiqincə qiymətləndirilməsidir.

Mükafata layiq görülmüş metodistləri təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq.