ARTİ-nin Metodik Dəstək Mərkəzi tərəfindən Məktəbin İnkişaf Planı (MİP) çərçivəsində ümumi təhsil müəssisələrində pedaqoji heyətlə növbəti metodik görüşlər keçirilib. Görüşlər şagird nailiyyətinin yüksəldilməsi və dəstəkləyici məktəb mühitinin təkmilləşdirilməsi istiqamətlərini əhatə edib. Müzakirələr zamanı əsas diqqət dərsin səmərəli planlaşdırılmasına, sinfin effektiv idarə olunmasına, qiymətləndirmə vasitələrinin hazırlanmasına, eləcə də aparılmış monitorinqlərin nəticələrinin təhlilinə yönəldilib.
Metodik görüşlər çərçivəsində müəllimlərlə dərsin planlaşdırılmasına dair praktiki fəaliyyətlər həyata keçirilib. Dərsin planlaşdırılması prosesində təlim nəticələrinin məqsədyönlü qurulması, öyrənmə fəaliyyətinin effektiv təşkili, eləcə də diferensial yanaşmanın tətbiqi müzakirə olunub. Müəllimlər həm illik, həm də gündəlik dərs planları üzərində işləyib, təcrübə və fikir mübadiləsi aparıblar.
Məktəbdaxili qiymətləndirmə ilə bağlı keçirilən metodik görüşlərdə müəllimlər summativ qiymətləndirmə nəticələrinə əsaslanaraq qiymətləndirmə vasitələrinin hazırlanması məsələsini ətraflı müzakirə ediblər. Təlim nəticələrinə uyğun sualların tərtibi, tapşırıqların çətinlik dərəcəsinin müəyyənləşdirilməsi və fərdi yanaşmanın tətbiqinə dair praktiki nümunələr təqdim olunub.
Metodik görüşlər zamanı tədris prosesinə dair aparılmış monitorinqlərin nəticələri təhlil olunub. Tədris mühiti, tətbiq olunan təlim strategiyaları və şagird fəallığı əsas göstəricilər kimi qiymətləndirilib. Müşahidələr zamanı əldə olunan məlumatlar əsasında məktəbin idarəetmə heyəti və müəllimlərlə konstruktiv müzakirələr aparılıb, inkişaf üçün prioritet istiqamətlər müəyyənləşdirilib.
Qeyd edək ki, ARTİ MDM 19 ümumi təhsil müəssisəsində müəllimlərə MİP çərçivəsində metodik dəstək göstərir. Bu istiqamətdə həyata keçirilən fəaliyyətlərin sistemli və ardıcıl şəkildə davam etdirilməsi nəzərdə tutulur.