Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi tərəfindən ümumi təhsil müəssisələrində fəaliyyət göstərən metodistlərin peşəkar inkişafına dəstək məqsədilə təşkil edilən vebinarlar davam etdir.
17 aprel tarixində “Müasir metodist” layihəsi çərçivəsində metodistlər üçün “Oxuyub-anlama bacarıqlarının formalaşdırılması” mövzusunda növbəti vebinar keçirilib. Tədbirin əsas məqsədi şagirdlərin mətnlə işləmə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində metodistlərə metodik dəstəyin göstərilməsi, tədris prosesinə müasir pedaqoji yanaşmaların tətbiqi və tədris strategiyalarının təkmilləşdirilməsi olub.
Vebinarda müxtəlif regionların ümumi təhsil müəssisələrində fəaliyyət göstərən metodistlər iştirak edib, tədris prosesində oxuyub-anlama bacarıqlarının inkişafına yönəlmiş effektiv metod və texnologiyalar müzakirə olunub. Təqdimatlar və interaktiv fəaliyyətlər çərçivəsində hekayə xəritəsinin oxuyub-anlama bacarığının inkişafında rolu təhlil edilib. Hekayə xəritəsinin tətbiqi vasitəsilə şagirdlərin mətni strukturlaşdırması, əsas ideyanı müəyyənləşdirməsi, hadisələr arasındakı məntiqi əlaqələri dərk etməsi və nəticə çıxarmaq bacarıqlarının inkişafına dair nümunələr təqdim olunub.
Eyni zamanda vebinarda təfəkküryönümlü tapşırıqların hazırlanması və tədris prosesinə inteqrasiyası ilə bağlı praktik fəaliyyətlər həyata keçirilib. Metodistlər çətinlik dərəcəsi fərqli olan sualların tərtibi ilə bağlı nümunələr hazırlayıb və bu tapşırıqların şagirdlərdə yuxarı təfəkkür səviyyələrinin formalaşmasına necə xidmət etdiyini müzakirə ediblər.
Metodistlər vebinar müddətində aktiv iştirak nümayiş etdirib, qarşılaşdıqları problemlərlə bağlı suallar ünvanlayıb və tədris prosesində əldə etdikləri uğurlu təcrübələri paylaşıblar. Tədbirin sonunda iştirakçılara praktiki istifadə üçün metodik tövsiyələr təqdim olunub.
Qeyd edək ki, “Müasir metodist” layihəsi çərçivəsində keçirilən vebinarlar metodistlərin peşəkar inkişafını dəstəkləməklə yanaşı, ümumi təhsil müəssisələrində tədrisin keyfiyyətinin artırılmasına yönələn mühüm təşəbbüslərdəndir. Layihə çərçivəsində metodistlər üçün aktual mövzular əsasında yeni vebinarların təşkili davam etdiriləcək.