30 aprel tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Britaniya Şurasının birgə fəaliyyət planına əsasən Təhsil İnstitutu ilə əməkdaşlıq çərçivəsində hazırlanan “ELSA Roadmap” (English Language Strategy for Azerbaijan Roadmap – Azərbaycan üçün İngilis Dili Strategiyası Yol Xəritəsi) sənədinin təqdimat mərasimi keçirilib.
Dəyirmi masa formatında təşkil olunan tədbirdə Elm və Təhsil Nazirliyinin, Təhsil İnstitutunun və ali təhsil müəssisələrinin nümayəndələri, o cümlədən təhsil ekspertləri iştirak edib.
Təhsil İnstitutunun direktor səlahiyyətlərinin icraçısı Elnur Əliyev qonaqları salamlayaraq tədbiri açıq elan edib
Çıxışı zamanı Elnur Əliyev bildirib ki, məktəblərdə aparılan dərs dinləmələri və şagird nəticələri məktəblərdə ingilis dili tədrisinin qənaətbəxş vəziyyətdə olmadığını göstərir.
“Burada müəllim hazırlığı, saatların azlığı kimi nüansları səbəb olaraq göstərmək olar. Müəllimlərin sertifikatlaşdırılmasında hər 100 ingilis dili müəllimindən 20-si birinci mərhələdən keçə bilməyib. Bu vəziyyət müəllimlərin işə qəbulu imtahanında da eynidir.”
Onun sözlərinə görə, bu mövzuda dərsliklərdən də danışmaq vacibdir.
“Belə ki, uzun illər ingilis dili tədrisində köhnə dərsliklər, artıq standartlara cavab verməyən dərs vəsaitləri istifadə edilirdi. Lakin son 5 ildə görülmüş işlər nəticəsində biz məktəblərdə bu fənn üzrə yeni dərsliklərin istifadəsinə başlamışıq.
İngilis dili fənni üzrə yeni kurikulum da artıq yekunlaşmaq üzrədir, həmçinin, son bir neçə ildir ki, xarici dil müəllimlərinin inkişafı üçün çox sayda peşəkar inkişaf təlimləri də keçirilir.”
Tədbirdə sənədin hazırlanmasında iştirak etmiş beynəlxalq ekspert Simon Borg təqdimatla çıxış edib. Daha sonra iştirakçılar ixtisaslaşdıqları sahələrə uyğun olaraq sənədlə bağlı müzakirələr edib və öz təkliflərini bildiriblər.
Qeyd edək ki, bu strateji sənəd ölkədə ümumi təhsil sistemində ingilis dili tədrisinin mövcud vəziyyətini hərtərəfli təhlil edir. Təhlil ingilis dili kurikulumu, dərslik və resurslar, qiymətləndirmə sistemi, müəllimlərin ilkin və davamlı təhsili, işə qəbul prosesi və ümumilikdə tədris keyfiyyəti sahələrini əhatə edərək bu sahələr üzrə tövsiyələr təqdim edir. Azərbaycan üçün İngilis Dili Strategiyası sənədi ölkə üzrə ingilis dilinin tədrisinin beynəlxalq standartlara uyğun olaraq inkişaf etdirilməsini hədəfləyir.