Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi tərəfindən “Müasir metodist” layihəsi çərçivəsində müxtəlif regionların məktəblərində fəaliyyət göstərən metodistlərə peşəkar dəstək məqsədilə “Öyrədici və inkişafetdirici ədəbiyyatın tədrisi metodikası” mövzusunda vebinar təşkil olunub.
28 aprel tarixində baş tutan vebinarda “Ədəbiyyatın tədrisindəki əsas məqamlar və fənnin tədrisinə verilən tələblər, şagirdə qazandırdığı emosional və intelektual bacarıqlar, şagirdin yaş xüsusiyyətləri nəzərə alınaraq uyğun ədəbiyyatın seçilməsi” və s. məsələlər müzakirə olunub, dünya və Azərbaycan uşaq ədəbiyyatından seçmə kitab nümunələri göstərilib.
Vebinarın davamında metodistlərə “Oxu dərsinin təşkili mərhələləri və oxuyub-anlama üsulları” izah edilib, mətnlər üzrə parktik tapşırıqlar yerinə yetirilib.
Şagirdlərə kitab oxuma vərdişlərinin qazandırılması, evdə və məktəbdə oxu saatlarının təşkili metodikları haqqında fikir mübadiləsi aparılıb, metodist müəllimlərin təcrübələri dinlənilib.
Qeyd edək ki, “Müasir metodist” layihəsi çərçivəsində keçirilən vebinarlar metodistlərin peşəkar inkişafını dəstəkləməklə yanaşı, ümumi təhsil müəssisələrində tədrisin keyfiyyətinin artırılmasına yönələn mühüm təşəbbüslərdəndir. Layihə çərçivəsində metodistlər üçün aktual mövzular əsasında yeni vebinarların təşkili davam etdiriləcək.