30aprel-2may tarixlərində Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi (MDM) tərəfindən tədris ilində Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən və metodik xidmətin icra olunduğu ümumi təhsil müəssisələrində monitorinqlər aparılır.
Monitorinqin əsas məqsədi metodistlərin fəaliyyətinin effektivliyini qiymətləndirmək, onların metodik xidmətin təşkili və tətbiqi prosesini necə həyata keçirdiklərini izləmək, müəllimlərlə birgə formalaşdırdıqları öyrədici və psixoloji baxımdan sağlam tədris mühitini təhlil etmək, eyni zamanda mövcud ehtiyaclara uyğun metodiki dəstək göstərməkdir.
Bu çərçivədə ARTİ MDM əməkdaşları tərəfindən metodistlərlə yerində görüşlər təşkil olunub. Görüşlər zamanı gündəlik planlaşdırma və sənədləşmə, qarşıya çıxan çətinliklər və onların həlli yolları, gələcək fəaliyyət istiqamətləri müzakirə edilib.
Bununla yanaşı, həm metodistlərin, həm də onların əməkdaşlıq etdiyi müəllimlərin dərsləri müşahidə olunub. Dərs izləmələrindən sonra metodistlərin verdiyi əks-əlaqə prosesi əvvəlcədən müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilib, metodik görüşlər və təlimlər müşahidə olunub.
Monitorinq nəticəsində əldə olunan müşahidələr metodistlərlə ətraflı şəkildə müzakirə edilib, onların güclü tərəfləri və inkişaf ehtiyacı olan sahələr üzrə tövsiyələr təqdim olunub.
Qeyd edək ki, metodik xidmətin təşkili üzrə monitorinqlər digər regional təhsil idarələri tabeliyində olan məktəblərdə də keçiriləcək.