“Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib

Tarix: 06.05.2025
Paylaş:

3 may 2025-ci il tarixində Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Qərbi Azərbaycan İcmasının birgə tərəfdaşlığı ilə təşkil edilən “Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib.

İlkin mərhələdə şagirdlərə qapalı test formatında 30 sualın cavablandırılması üçün 70 dəqiqə vaxt verilib. Bu mərhələnin nəticələri əsasında olimpiadanın yarımfinal mərhələsində iştirak edəcək şagirdlər müəyyən olunacaq.

Qeyd edək ki, olimpiadanın yarımfinal turu 24 may tarixində regionlar üzrə keçiriləcək.

IX-X sinif şagirdləri arasında keçirilən olimpiadanın təşkilində əsas məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdən ibarətdir.