Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi (ARTİ MDM) tərəfindən Məktəbin İnkişaf Planı (MİP) çərçivəsində ümumi təhsil müəssisələrində metodik görüşlərin təşkili davam etdirilir. Görüşlərin keçirilməsində məqsəd tədris prosesinin səmərəliliyinin artırılması və müəllimlərin peşəkar inkişafına dəstəyin göstərilməsidir.
Metodik görüşlərdə sinfin idarə olunması, oxuyub-anlama bacarıqlarının inkişafı, valideyn-müəllim əməkdaşlığının gücləndirilməsi və summativ qiymətləndirmənin təkmilləşdirilməsi istiqamətləri müzakirə edilib.
Sinfin idarə olunması məsələsinə dair müzakirələrdə müəllimlər öyrənmə mühitinin təşkili, nizam-intizamın qorunması və şagirdlər arasında sağlam sosial münasibətlərin formalaşdırılması ilə bağlı praktiki yanaşmalarını təqdim ediblər. Eyni zamanda müasir pedaqoji yanaşmalara əsaslanan pozitiv davranışın təşviqi metodları təhlil olunub.
Oxuyub-anlama bacarıqlarının inkişafı kontekstində müəllimlərə müxtəlif oxu strategiyaları təqdim olunub, şagirdlərin mətnlərlə işləmə bacarıqlarını inkişaf etdirmək üçün tətbiq edilə bilən praktiki tapşırıqlar müzakirə olunub.
Valideyn-məktəb əməkdaşlığı istiqamətində keçirilən müzakirələrdə valideynlərin tədris prosesinə inteqrasiyası, müəllim-valideyn münasibətlərinin effektiv təşkili ilə əlaqədar məsələlər xüsusilə vurğulanıb. Təcrübə mübadiləsi əsasında valideynlərlə əməkdaşlığın təkmilləşdirilməsi yolları dəyərləndirilib.
Summativ qiymətləndirmə ilə bağlı keçirilən metodik görüşlərdə müəllimlər təlim nəticələrinə uyğun qiymətləndirmə vasitələrinin hazırlanması, tapşırıqların məzmun və çətinlik səviyyəsinə görə fərqləndirilməsi və fərdi yanaşmaların tətbiqi üzrə nümunələr üzərində praktik fəaliyyətlər həyata keçiriblər.
Qeyd edək ki, hal-hazırda ARTİ MDM tərəfindən 19 ümumi təhsil müəssisəsində MİP çərçivəsində müəllimlərə metodik dəstək həyata keçirir. Sözügedən fəaliyyətlərin davamlı və planlaşdırılmış şəkildə icrası ümumi təhsil müəssisələrində tədris prosesinin keyfiyyətinin yüksəldilməsinə və dayanıqlı inkişaf strategiyalarının formalaşdırılmasına xidmət edir.