ARTİ-nin Metodik Dəstək Mərkəzi tərəfindən ümumi təhsil müəssisələrində Məktəbin İnkişaf Planı çərçivəsində müəllimlərlə növbəti metodik görüşlər həyata keçirilib. Görüşlər zamanı pedaqoji heyətlə aktual mövzular ətrafında müzakirələr aparılıb, praktik nümunələr təqdim edilib və təcrübə mübadiləsi təşkil olunub.
Metodik görüşlərin əsas istiqamətlərindən biri qiymətləndirmə vasitələrinin hazırlanması olub. Müəllimlər summativ qiymətləndirmə nəticələrinə əsaslanaraq təlim nəticələrinə uyğun sualların tərtibi, tapşırıqların çətinlik dərəcəsinin müəyyənləşdirilməsi və şagirdlərin fərdi xüsusiyyətlərinin nəzərə alınması ilə bağlı praktik fəaliyyətlər həyata keçiriblər. Bu yanaşma şagird nailiyyətlərinin obyektiv qiymətləndirilməsinə imkan yaradır.
Görüşlər zamanı tədris prosesində gender bərabərliyi məsələsinə də diqqət yetirilib. Müəllim-şagird və şagird-şagird münasibətlərində bərabər imkanların yaradılması, tərəfkeşliyin qarşısının alınması və bütün şagirdlərin dərs prosesinə aktiv şəkildə cəlb edilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Gender bərabərliyi prinsiplərinin təmin olunması dəstəkləyici məktəb mühitinin formalaşdırılmasına töhfə verir.
Eyni zamanda görüşlərdə diferensial yanaşmanın tətbiqi məsələsi də ön plana çəkilib. Müəllimlər dərslərin planlaşdırılması zamanı şagirdlərin fərdi xüsusiyyətləri, maraqları və öyrənmə tərzlərinə uyğun təlim, metod və strategiyalarının seçilməsi ilə bağlı praktiki fəaliyyətlərə cəlb olunub və öz təcrübələrini paylaşıblar. Bu yanaşma tədrisin keyfiyyətini artırmaqla yanaşı hər bir şagirdin potensialının üzə çıxmasına imkan yaradır.
Bundan əlavə görüşlərdə keçirilən dərs müşahidələrinin nəticələrinə əsasən məktəbdə tədris prosesinin mövcud vəziyyəti, tətbiq olunan təlim strategiyaları və şagird fəallığı kimi əsas göstəricilər müzakirə olunub.
Qeyd edək ki, ARTİ MDM hal-hazırda 19 ümumi təhsil müəssisəsində MİP ( Məktəbin İnkişaf Planı) çərçivəsində müəllimlərə metodik dəstək göstərir. Bu fəaliyyətlər MİP-in effektiv icrasını stimullaşdırmaqla yanaşı, məktəbdaxili peşəkar əməkdaşlıq mühitinin gücləndirilməsinə, tədris prosesinin təkmilləşdirilməsinə xidmət edir. Göstərilən dəstəyin ardıcıl və məqsədyönlü şəkildə davam etdirilməsi nəzərdə tutulur.