PISA 2025 tədqiqatının əsas mərhələsi yekunlaşdı

Tarix: 02.06.2025
Paylaş:

2025-ci il aprelin 16-dan başlayaraq ölkə üzrə həyata keçirilən qiymətləndirmə tədqiqatına ümumilikdə 241 məktəbdən 7427 şagird cəlb edilib. Şagirdlər qiymətləndirmə çərçivəsində həm 2 hissədən ibarət koqnitiv test mərhələsində, həm də şagird sorğusunda iştirak ediblər. Şagirdlərlə yanaşı, seçilmiş 241 məktəbin rəhbərləri də məktəb sorğusunda iştirak ediblər. Bu sorğunun məqsədi idarəetmə, resurslar və tədris mühitinin şagird nailiyyətlərinə təsirini müəyyənləşdirməkdir.

Bu il PISA 2025 tədqiqatının ən önəmli yeniliklərindən biri ilk dəfə olaraq qiymətləndirmənin ölkə üzrə bütün regionlarda tam kompüter əsaslı həyata keçirilməsidir. Bu həm qiymətləndirmə prosesində yüksək dəqiqlik və şəffaflığı təmin edir, həm də müasir texnologiyaların təhsil sisteminə inteqrasiyasını sürətləndirir.

PISA (Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqram) dünyada 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə real həyatda əldə etdikləri bilik və bacarıqları qiymətləndirən ən nüfuzlu təhsil tədqiqatlarından biridir.

Qiymətləndirmənin əsas məqsədi şagirdlərin bilikləri sadəcə məktəbdə öyrənmə səviyyəsində deyil, real həyat şəraitində tətbiqetmə qabiliyyətini müəyyənləşdirməkdir. Nəticələr ölkələrin təhsil sistemlərinin güclü və zəif tərəflərini aşkar etməyə, eləcə də təhsil siyasətində səmərəli islahatların aparılmasına imkan yaradır.

Qeyd edək ki, PISA 2025 tədqiqatının beynəlxalq səviyyədə toplanmış nəticələri 2026-cı ildə açıqlanacaq.