Təhsil İnstitutu tərəfindən cari ilin aprel ayından etibarən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Cəbrayıl, Laçın və Xocalı rayonlarına geri qayıdan əhali üçün “Rəqəmsal savadlılıq” mövzusunda təlimlərin icrasına başlanılıb.
Hal-hazırda davam edən təlimin keçirilməsində əsas məqsəd işğaldan azad olunmuş ərazilərə köçürülən əhalinin müasir texnologiyalardan (İKT) istifadə üzrə rəqəmsal bilik və bacarıqlarının artırılmasıdır.
Təlim zamanı iştirakçılara XXI əsrin rəqəmsal bacarıqları, İKT kompetensiyaları, “Google” alətləri, rəqəmsal transformasiya, süni intellekt, kibertəhlükəsizlik, elektron hökumət, Azərbaycan Təhsil Şəbəkəsinin veb layihələri və digər istiqamətlər üzrə mövzular praktiki məşğələlər əsasında öyrədilir.
Qeyd edək ki, təlimlər ARTİ tərəfindən ölkənin işğaldan azad edilmiş bütün ərazilərində “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsinə uyğun olaraq mütəmadi təşkil ediləcək.