ARTİ-də təkmilləşdirilməkdə olan texnologiya fənn kurikulumunun müzakirəsi təşkil edilib

Tarix: 13.06.2025
Paylaş:

Təhsil İnstitutunda təkmilləşdirilməkdə olan texnologiya fənn kurikulumunun müzakirəsi təşkil edilib. Müzakirə Bakı şəhəri ümumi təhsil müəssisələrinin texnologiya fənni üzrə müəllimləri və işçi qrupunun üzvlərinin iştirakı ilə keçirilib.

Görüşdə ARTİ-nin şöbə müdiri Mənsur Məhərrəmov ümumtəhsildə tədris olunan fənlərin kurikulumlarının təkmilləşdirmə prosesi, təkmilləşdirmədə diqqətə alınmalı olan əsas məqamlar və yenilənərək Elm və Təhsil Nazirliyi tərəfindən təsdiqlənmiş kurikulumlar barəsində məlumat verib.

Daha sonra iştirakçılar texnologiya fənn kurikulumunun təkmilləşdirilməsində nəzərə alınmasını vacib hesab etdikləri məqamlar haqqında fikirlərini bildiriblər. Xüsusən, fənnin məzmununda dəyişliklər edilməsinə dair əhəmiyyətli təkliflər verilib. Bununla yanaşı yeni dövrün tələbləri əsasında texnologiya fənninin məqsədlərində düzəlişlərin edilməsi, texnologiya fənninin digər fənlərlə əlaqələndirilməsi və inteqrasiya olunmuş tədris üsullarının tətbiqinin vacibliyi, məzmunda köhnəlmiş mövzuların çıxarılaraq müasir praktiki biliklərin əlavə edilməsi, həmçinin maddi-texniki bazadan daha səmərəli istifadə, laboratoriya və təcrübə işlərinin genişləndirilməsi və müasir texnoloji vasitələrdən istifadə qaydası kimi məsələlərə toxunulub.

Təkmilləşdirilən kurikulumun effektivliyinin həm keyfiyyətli dərsliklərin hazırlanmasından, həm də müəllimlərin peşəkarlıq səviyyəsindən asılılığı iştirakçılar tərəfindən qeyd olunub. İştirakçılar tərəfindən edilən təkliflər işçi qrupunun üzvləri tərəfindən müsbət qiymətləndirilərək, təkmilləşdirilməkdə nəzərə alınacağı vurğulanıb.