“Məktəbəqədər təhsilin məzmunu və təşkili xüsusiyyətləri” mövzusunda dəyirmi masa keçirilib

Tarix: 13.06.2025
Paylaş:

2025-ci il iyunun 12-də ARTİ-nin Məktəbəqədər təhsilin proqramları şöbəsinin əməkdaşlarının iştirakı ilə Sabunçu rayonu, 347 saylı körpələr evi-uşaq bağçasında “Məktəbəqədər təhsilin məzmunu və təşkili xüsusiyyətləri” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Sabunçu rayonunun 7, 221, 230 saylı məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, tərbiyəçi-müəllimlər, metodistlər iştirak ediblər.

Tədbirdə müasir dövrdə məktəbəqədər təhsilin rolu və əhəmiyyəti, təlim proqramlarının məzmunu, təlim metodlarının təkmilləşdirilməsi, uşaqyönümlü yanaşmalar və fərdi inkişafın dəstəklənməsi məsələləri geniş müzakirə olunub. Çıxış edənlər məktəbəqədər yaş dövrünün uşağın şəxsiyyətinin formalaşmasında həlledici mərhələ olduğunu vurğulayaraq bu mərhələdə təhsilin planlı və məqsədyönlü təşkili ilə bağlı təkliflərini səsləndiriblər.

Tədbir çərçivəsində həmçinin innovativ təlim metodları, ailə və icma ilə əməkdaşlığın gücləndirilməsi, pedaqoji kadrların peşəkarlıq səviyyəsinin artırılması və məktəbəqədər müəssisələrin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb. İştirakçılar təcrübə paylaşımı və gələcəkdə bu kimi görüşlərin davam etdirilməsi təşəbbüsünü dəstəkləyiblər.

Dəyirmi masa məktəbəqədər təhsilin daha keyfiyyətli təşkili və inkişaf etdirilməsi istiqamətində əməkdaşlıq üçün yeni imkanlar yaradıb. Tədbirin sonunda iştirakçılar arasında konkret əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib və ortaq fəaliyyət planının hazırlanması təklif olunub.