Elm və Təhsil Nazirliyinin, Təhsil İnstitutunun və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri müəyyənləşib.
10 iyun tarixində keçirilmiş final turunda 33 nəfər şagird iştirak edib. Bu mərhələdə ən yüksək nəticə göstərən 18 iştirakçı qalib adını qazanıb. Onlardan 3 nəfər I, 6 nəfər II, 9 nəfər isə III yerə layiq görülüb. Qaliblərin mükafatlandırılması ilə bağlı məlumat yaxın günlərdə ictimaiyyətə elan olunacaq.
Qalibləri təbrik edir, bütün iştirakçılara gələcək təhsil həyatlarında uğurlar arzu edirik.
Qeyd edək ki, olimpiadanın keçirilməsində məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, mədəni irsi və ictimai-siyasi əhəmiyyəti haqqında bilikləri artırmaq, milli yaddaşı möhkəmləndirmək və vətənpərvərlik ruhunu təbliğ etməkdir.