Müəllimlərin peşəkar inkişafını və innovativ tədris yanaşmalarının tətbiqini təşviq etmək üçün Azərbaycan Respublikasının Təhsil İnstitutunun rəhbərliyi ilə HP IDEA (HP İnnovasiya və Rəqəmsal Təhsil Akademiyası) tərəfindən həyata keçirilən proqramın ilkin mərhələsi başa çatıb.
Ümumilikdə 8 ay keçirilməsi nəzərdə tutulan HP IDEA proqramında müxtəlif regionlarda yerləşən 40 məktəbdən 164 nəfər müəllim iştirak edib. Proqramın ilkin mərhələsi 22 aprel-10 iyun 2025-ci il tarixlərini əhatə edib. Təlimlər zamanı müəllimlər innovativ tədris yanaşmaları və interaktiv tədris platformaları ilə tanış olub və öz məktəblərində tətbiq edə biləcəkləri pedaqoji layihə üzərində işləyiblər. Təlimlərin növbəti mərhələsinin cari ilin sentyabr ayında keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, təlimlər türk dilində keçirilir və proqramda iştirak edən məktəblər “HP IDEA Plakatı”, təlimləri uğurla başa vuran müəllimlər isə “HP IDEA Məzunu” sertifikatı ilə təltif ediləcək. Proqramın məzunları qlobal şəbəkəyə qoşularaq beynəlxalq əməkdaşlıq imkanlarından faydalanacaq.