Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən ümumi təhsil müəssisələrində metodik xidmətin qurulması və keyfiyyətinin artırılması məqsədilə həyata keçirilən “Müasir metodist” layihəsinin təlim mərhələsi hal-hazırda uğurla davam edir.
Təlim proqramı çərçivəsində təlim iştirakçılarına məktəbdaxili qiymətləndirmənin əsas komponentləri olan diaqnostik və formativ qiymətləndirmə, summativ qiymətləndirmə və qiymətləndirmə vasitələrinin hazırlanması üzrə nəzəri və praktiki biliklər təqdim olunur. Eyni zamanda, tədrisdə oxuyub-anlama bacarıqlarının formalaşdırılması, riyaziyyatın tədrisi metodikası, diferensial və inklüziv təlim kimi mövzular da təlimin əsas istiqamətlərini təşkil edir.
Təlimlər interaktiv müzakirələr, praktiki çalışmalar və situativ tapşırıqlar əsasında qurulmuşdur ki, bu da təlim iştirakçıların metodik bacarıqlarının inkişafına və bu bacarıqların real tədris mühitində tətbiqinə şərait yaradır. Müəllimlərin fəal iştirakı, həmçinin pedaqoji təcrübə mübadiləsi əsasında qarşılıqlı öyrənmə mühiti formalaşdırır.
Qeyd edək ki, “Müasir metodist” layihəsində ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, Azərbaycan dili (dövlət dili), ingilis dili, fransız dili, alman dili, rus dili (xarici dil), rus dili və ədəbiyyat, riyaziyyat fənləri üzrə sertifikasiya imtahanından uğurla keçən müəllimlər, eləcə də 2025-ci ilin iyun ayında sertifikasiyadan keçən coğrafiya, biologiya, kimya, fizika və informatika fənləri üzrə müəllimlər hazırda yenidən elan olunan müsabiqədə iştirak etmək məqsədilə müvafiq link vasitəsilə qeydiyyatdan keçərək layihəyə qoşula bilərlər: