Təhsil İnstitutu tərəfindən həyata keçirilən “Müasir metodist” layihəsi çərçivəsində 2023/2024 və 2024/2025-ci tədris illərində fəaliyyət göstərən bir qrup metodistlərlə 2025/2026-cı tədris ilində fəaliyyət göstərməyə namizəd olan metodistlər arasında təcrübə mübadiləsi məqsədi ilə görüş təşkil olunub.
Tədbirin məqsədi müxtəlif illərdə fəaliyyət göstərən metodistlərin bir araya gələrək pedaqoji-metodik təcrübələrini paylaşmaları, təhsil mühitində tətbiq olunan səmərəli metodik yanaşmaların təqdim edilməsi və yeni metodistlərin fəaliyyətlərinə dəstək göstərilməsi olub.
Görüş zamanı iştirakçılar tədris prosesində əldə etdikləri uğurlu təcrübələri təqdim edib, real məktəb mühitində tətbiq olunan metodik həll yolları və yanaşmalar barədə fikir mübadiləsi aparıblar. Təcrübəli metodistlərin çıxışları gələcək metodistlər üçün praktiki istiqamətlər verməklə, onların qarşıdakı fəaliyyətlərinə hazırlıq baxımından əhəmiyyətli rol oynayıb.
Müzakirələr metodik fəaliyyətin keyfiyyətinin artırılmasına, qarşılıqlı öyrənmə və şəbəkələşmə imkanlarının gücləndirilməsinə şərait yaradıb. Həmçinin, tədbir çərçivəsində yeni metodistlərə gələcək fəaliyyətlərini planlaşdırmaq məqsədilə konkret metodik tövsiyələr verilib.
Qeyd edək ki, metodistlər arasında bu cür qarşılıqlı əməkdaşlıq və təcrübə paylaşımını təşviq edən görüşlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.