Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2025-ci il fəaliyyət planına əsasən, “Fənn kurikulumlarının təkmilləşdirilməsinə dair maarifləndirmə tədbirləri” çərçivəsində 30 iyunda Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərlə Quba və Xaçmaz şəhərlərində ümumilikdə 5 mərkəzdə görüşlər keçirilib. Azərbaycan dili, ədəbiyyat, kimya, fizika, biologiya, coğrafiya, informatika, təbiət və həyat bilgisi fənlərini tədris edən təqribən 900 müəllim adı çəkilən fənlər üzrə təşkil olunan sessiyalarda iştirak ediblər.
Tədbirdə təhsilverənlər təkmilləşdirilmiş fənn kurikulum sənədləri ilə tanış edilib, onlara təkmilləşdirmə zamanı nəzərə alınan məqamlara dair məlumat verilib. Hər fənnin məzmununa gətirilmiş yeniliklər xüsusi olaraq auditoriyaya təqdim edilib. Daha sonra fənn kurikulumlarını təkmilləşdirən mütəxəssislər müəllimləri maraqlandıran sualları cavablandırıblar. Tədbir iştirakçıları təkmilləşdirilmiş Azərbaycan dili, ədəbiyyat, kimya, fizika, biologiya, coğrafiya, informatika, təbiət və həyat bilgisi fənn kurikulumları haqqında öz rəylərini bildirib, təkmilləşdirmə prosesini müsbət qiymətləndirib və müvafiq fənlərin tədrisində müsbət fərq yaradacağına dair fikirlər səsləndiriblər.