4 iyul tarixində Şamaxı şəhərində Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər təhsil müəssisələrində məktəbəqədər təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir çağırışlara uyğun təşkili və strateji planlaşdırılması məqsədilə “Məktəbəqədər təhsilin məzmunu, təşkili strategiyaları və planlaşdırma” mövzusunda təqdimat keçirilib.
Tədbirdə Şamaxı Rayon Təhsil Sektorunun nümayəndələri, İsmayıllı, Ağsu, Qobustan və Şamaxının məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, metodistlər və tərbiyəçi-müəllimlər iştirak ediblər.
Təqdimatın əsas məqsədi məktəbəqədər təhsilin məzmununun yeni kurikulum yanaşmalarına uyğunlaşdırılması, təlim prosesinin strategiyalarla daha məqsədyönlü və nəticəyönümlü qurulması, eləcə də təlimin planlaşdırılmasında səmərəli metod və vasitələrin tətbiqinin səmərəli təşkili və planlaşdırma mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində iştirakçılara nəzəri və praktik biliklərin çatdırılması olub. Tədbirdə Tədbirdə məktəbəqədər yaş dövrünün uşaqların şəxsiyyətinin formalaşmasında həlledici mərhələ olduğu vurğulanıb. Çıxış edənlər məktəbəqədər təhsilin uşaqyönümlü, inklüziv, fərdi yanaşmalara əsaslanmasının vacibliyini vurğulayıblar. Bildirilib ki, bu mərhələdə planlaşdırma və məzmunun düzgün qurulması uşaqların idraki, sosial-emosional və fiziki inkişafını stimullaşdıran mühüm amildir.
Tədbir çərçivəsində iştirakçılara müasir planlaşdırma modeli, məqsəd və gözlənilən nəticələrin necə müəyyən olunması, həmçinin cari və perspektiv planların tərtibatı ilə bağlı praktiki nümunələr təqdim olunub.
Müzakirələr zamanı iştirakçılar məktəbəqədər təhsilin aktual problemləri, idarəetmədə qarşıya çıxan çətinliklər, valideynlərlə əməkdaşlığın səmərəli təşkili və tərbiyəçi-müəllimlərin peşəkar inkişafı mövzularına da toxunublar. Eyni zamanda oyun əsaslı təlim, layihə və tədqiqat yanaşmalarının inteqrasiyası kimi müasir metodların tətbiqi yolları ətrafında fikir mübadiləsi aparılıb.
Təqdimat iştirakçılar tərəfindən yüksək dəyərləndirilib, onlar bu kimi tədbirlərin davamlı keçirilməsinin məktəbəqədər təhsilin inkişafına mühüm töhfə verəcəyini bildiriblər.