Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi tərəfindən həyata keçirilən “Müasir metodist” layihəsi çərçivəsində müsahibələrə start verilib.
Müsahibələr 22 iyul tarixindən etibarən regional təhsil idarələrinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan müəllimlər üçün keçirilir.
Müsahibələrin regional təhsil idarələri və tarixləri üzrə bölgüləri aşağıdakı kimidir:
22 iyul – Abşeron-Xızı RTİ və Gəncə-Daşkəsən RTİ;
23 iyul – Dağlıq-Şirvan RTİ, Qazax-Tovuz RTİ , Mərkəzi-Aran RTİ , Qarabağ RTİ;
24 iyul – Şərqi-Zəngəzur RTİ, Quba-Xaçmaz RTİ, Lənkəran-Astara RTİ, Salyan-Şirvan RTİ;
25 iyul – Mil-Muğan RTİ, Şəki-Zaqatala RTİ və MÜTDA tabeliyində olan məktəblər.
Layihənin əsas məqsədi məktəblərdə metodik xidmətin keyfiyyətini yüksəltmək, müəllimlərin pedaqoji və metodik bacarıqlarını inkişaf etdirmək və onların peşəkar inkişafını dəstəkləməkdir.
Müsahibə zamanı iştirakçıların özünü təqdimetmə, tədris prosesinin planlaşdırılması, metodik və pedaqoji yanaşmalar, ünsiyyət və əməkdaşlıq, problem həlletmə, liderlik bacarıqları və peşəkar inkişaf səviyyəsi qiymətləndirilir.
Bu mərhələdə sertifikasiya imtahanından 51 və daha yüksək bal toplamış coğrafiya, kimya, biologiya, informatika və fizika fənləri üzrə müəllimlər, həmçinin əvvəlki illərdə sertifikasiyadan uğur qazanmış namizədlər iştirak edirlər.
Meyarlara cavab verən və yüksək nəticə göstərən iştirakçılar növbəti mərhələyə keçmək hüququ qazanacaqlar.
Qeyd edək ki, müsahibələr bölgələr üzrə mərhələli şəkildə təşkil olunaraq ölkə üzrə davam etdirilir.