“Müasir metodist” layihəsi çərçivəsində növbəti təlim mərhələsinə start verilib

Tarix: 07.08.2025
Paylaş:

Ümumi təhsil müəssisələrində metodik xidmətin təkmilləşdirilməsi istiqamətində Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi tərəfindən həyata keçirilən “Müasir metodist” layihəsinin növbəti təlim mərhələsinə start verilib.

Layihə çərçivəsində metodik dəstəyin gücləndirilməsi, pedaqoji fəaliyyətin keyfiyyətinin artırılması və innovativ yanaşmaların təşviqi hədəflənir. Hazırda keçirilən təlimlərə Abşeron-Xızı RTİ, Gəncə-Daşkəsən RTİ, Şərqi Zəngəzur RTİ, Mərkəzi Aran RTİ, Lənkəran-Astara RTİ, Quba-Xaçmaz RTİ, Şəki-Zaqatala RTİ, Qarabağ RTİ, Dağlıq Şirvan RTİ və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin müəllimləri qatılıb. Təlimlərdə ümumilikdə 150-yə yaxın müəllim iştirak edir.

Təlim proqramı, müasir təhsil yanaşmalarına əsaslanaraq müəllimlərin praktiki bacarıqlarını inkişaf etdirməyə yönəlib. Proqram çərçivəsində səriştə əsaslı təlimin təşkili, kurikulum sənədləri ilə məqsədyönlü və sistemli işləmə, təlim nəticələri və qiymətləndirmə meyarlarının düzgün müəyyənləşdirilməsi, dərs prosesinin effektiv planlaşdırılması kimi sahələr üzrə iştirakçılara tətbiqi bilik və bacarıqlar aşılanır.

Təlim müddətində interaktiv müzakirələr, situativ və tətbiqi xarakterli fəaliyyətlər vasitəsilə iştirakçılar arasında təcrübə mübadiləsi təşviq olunacaq, onların metodik kompetensiyalarının inkişafına dəstək göstəriləcək.

Qeyd edək ki, təlimlər 15 gün müddətində davam edəcək.