Beynəlxalq Etimad Kral Akademiyası (RASIT) tərəfindən ölkəmiz 2024–2025-ci illər üzrə “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” elan edilib.
Bu nüfuzlu status ölkəmizdə qadınların elmdə iştirakını artırmaq, gənc qızların təhsil imkanlarını genişləndirmək və onların intellektual potensialını üzə çıxarmaq məqsədilə görülən ardıcıl işlərin beynəlxalq səviyyədə tanınmasının bariz göstəricisidir.
Cari dövr ərzində bu çərçivədə bir sıra mühüm layihə və tədbirlər həyata keçirilib. Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən elm dünyasında öz peşəkarlığı və nailiyyətləri ilə seçilən qadınların fəaliyyətinə həsr olunmuş afişalar hazırlanmışdır. Afişalarda müxtəlif elm sahələrində uğur qazanmış 14 yerli və xarici qadının elmi və peşəkar fəaliyyəti işıqlandırılıb.
Nəşr edilən afişalar hazırda ölkə üzrə akademik göstəriciləri, tədris mühitinin xüsusiyyətləri nəzərə alınaraq seçilmiş 38 məktəbdə nümayiş etdirilir. Məktəblilərin, xüsusilə də qızların diqqətinə təqdim edilən bu afişalar onlarda elmə marağı gücləndirmək, gələcəkdə seçdikləri ixtisas sahəsində özlərinə daha böyük inamla addımlamağa ilham vermək məqsədi daşıyır.
Belə ki, real rol modellərin təqdim olunması məktəblilərin tədris motivasiyasına mühüm təsir göstərir. Bu təşəbbüs həmçinin cəmiyyətimizdə qadınların elm sahəsindəki rolunu daha geniş auditoriyaya tanıdır, məktəblilərdə gender bərabərliyi və bərabər imkanlar haqqında təsəvvürlərin möhkəmlənməsinə xidmət edir.