Azərbaycan Respublikasının Təhsil İnstitutunda təhsil alan doktorantlar üçün psixologiya elmləri doktoru, dosent Elxan Bəylərovun təqdimatında “Eksperimentin təşkili, aparılması və ümumiləşdirilməsinə dair” mövzusunda elmi seminar keçirilib.
Seminarın əsas məqsədi elmi-tədqiqat işləri aparan gənc tədqiqatçılara eksperimental metodologiyanın nəzəri və praktiki əsaslarını öyrətmək, onların tədqiqat bacarıqlarını inkişaf etdirmək və elmi nəticələrin etibarlı şəkildə ümumiləşdirilməsi istiqamətində praktiki biliklər qazandırmaq olub.
Dosent Elxan Bəylərov öz çıxışında eksperimentin elmi tədqiqat metodları içərisində mühüm yer tutduğunu vurğulamış və bu metodun müxtəlif elm sahələrində — xüsusilə psixologiya, pedaqogika və sosiologiyada geniş tətbiq olunduğunu qeyd etmişdir. O, eksperimentin planlaşdırılması, hipotezin qurulması, dəyişənlərin müəyyən edilməsi, nəzarət və eksperimental qrupların təşkili, nəticələrin statistik təhlili və ümumiləşdirilməsi mərhələlərini əhatəli şəkildə izah etmişdir.
Seminar interaktiv formatda keçirilmiş, iştirakçılarla real tədqiqat nümunələri əsasında müzakirələr aparılmış, tez-tez rast gəlinən metodoloji səhvlər və onların aradan qaldırılması yolları haqqında tövsiyələr verilmişdir.
Azərbaycan Respublikasının Təhsil İnstitutu elmi fəaliyyətlə məşğul olan doktorant və tədqiqatçılarla maarifləndirici seminarların keçirilməsini davam etdirməyi planlaşdırır.