Azərbaycan Respublikasının Təhsil İnstitutunda fəlsəfə və elmlər doktoru proqramları üzrə əyani təhsil alan doktorantlarla görüş təşkil olunub. Görüşdə institutun direktor müavini, dosent İlham Cavadov, elmi katib, professor Akif Abbasov, Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri, professor Hümeyir Əhmədov, Təlimin nəzəriyyəsi və metodikası şöbəsinin müdiri, dosent Aynur Paşayeva və institutun əyani doktorantları iştirak ediblər. Tədbirin əsas məqsədi doktorantların elmi fəaliyyətini stimullaşdırmaq, tədris ili ərzində qarşıya qoyulmuş elmi-metodiki tələblər barədə onları məlumatlandırmaq və mövcud qaydalarla bağlı müzakirələr aparmaq olub.
Görüş zamanı iştirakçılara 2025–2026-cı tədris ili üçün müəyyən olunmuş yeni qaydalar, dissertasiya mövzuları üzrə aparılan elmi tədqiqat işlərinə dair metodiki tövsiyələr və elmi məqalələrin hazırlanmasına dair yenilənmiş tələblər təqdim edilib.
Xüsusilə doktoranturanın son ilində təhsil alan şəxslərə dissertasiya işlərini vaxtında başa çatdırmaları, müvafiq şöbələrə təhvil vermələri tövsiyə olunub.
Eyni zamanda görüşdə doktorantların institutun elmi həyatında – şöbə iclaslarında, dissertasiya müzakirələrində və digər elmi tədbirlərdə aktiv iştirak etmələrinin zəruriliyi vurğulanıb.