24 sentyabrda Azərbaycan Respublikasının Təhsil İnstitutunda Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi, tarix elmləri doktoru Həsən Həsənovun “Azərbaycan tarixi-coğrafi atlas” və “Azərbaycan tarixi-etnoqrafik atlas” kitablarının təqdimatı keçirilib.
İnstitutun əməkdaşları, dərslik müəllifləri və digər ziyalıların iştirak etdiyi tədbirdə institutun direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent İlham Cavadov giriş nitqi ilə çıxış edərək, uzun illər xalqımızın Ümummilli lideri Heydər Əliyevlə birgə çalışdığını, tarixçi alimin keçdiyi həyat yolundan, onun Azərbaycanın görkəmli siyasi və dövlət xadimi kimi çoxşaxəli fəaliyyətindən bəhs edib.
Həsən Həsənov öz araşdırmaları, yazdığı vəsaitlərin məzmunu barədə iştirakçılara məlumat verdikdən sonra mövzu ilə bağlı müzakirələr başlayıb.
Görüşdə ARTİ-nin Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiri, professor İntiqam Cəbrayılov, Təşkilati şöbənin müdiri, filologiya elmləri doktoru Aynur Paşayeva, həmin şöbənin mütəxəssisi, pedaqogika üzrə fəlsəfə doktoru Məhəbbət Paşayeva, tarix dərsliklərinin müəllifi Hafiz Cabbarov, dərsliklərin qiymətləndirilməsi üzrə ekspert Aydın Allahverdiyev və başqaları çıxış edərək H.Ə.Həsənovun tədqiqatlarını yüksək dəyərləndirib və bu kitabların təhsil müəssisələrində dərs vəsaiti kimi istifadəsinin əhəmiyyətli olduğunu qeyd ediblər.
Görüş müzakirələr ilə başa çatıb.