Ümumi təhsil pilləsində şagird nailiyyətləri təhsilin keyfiyyətinə nəzarətin əsas vasitəsi kimi

Tarix: 29.09.2025
Paylaş:

 

Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent İlham Cavadovun  “Azərbaycan məktəbi” jurnalında “Ümumi təhsil pilləsində şagird nailiyyətləri təhsilin keyfiyyətinə nəzarətin əsas vasitəsi kimi” adlı məqaləsi dərc olunub.

Məqalədə ümumi təhsil pilləsində şagird nailiyyətlərinin təhsilin keyfiyyətinə nəzarətin əsas vasitəsi kimi rolu araşdırılır. Qeyd olunur ki, şagirdlərin bilik, bacarıq və səriştələrinin monitorinqi tədris prosesinin səmərəliliyinin qiymətləndirilməsi, mövcud çatışmazlıqların aşkarlanması və təhsilin keyfiyyətinin yüksəldilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Təhsilin keyfiyyətinin şagirdlərin əldə etdiyi nəticələrə əsasən ölçülməsi, bu ölçmələr nəticəsində müvafiq qabaqlayıcı tədbirlərin görülməsi isə tədris prosesinin davamlı təkmilləşdirilməsi və təhsil məqsədlərinə vaxtında və səmərəli formada çatmaq üçün vacib şərtdir. Bu yanaşma təhsil sistemində şəffaflığı təmin edir, müəllim və şagirdlərin fəaliyyətini optimallaşdırır və ümumilikdə təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Buna görə də təhsildə keyfiyyətə nəzarət sistemi şagird nailiyyətlərinə əsaslanan obyektiv, sistemli və elmi yanaşmalar əsasında qurulmalıdır. Məqalədə elmi mənbələrə istinadla təhsildə keyfiyyətə nəzarətin təlim prosesində motivasiyaedici roluna və şagirdlərin özünü təhlil etməsinə, məsuliyyət hissinin formalaşmasına verdiyi töhfəyə xüsusi diqqət yetirilir. Bu baxımdan təhsildə keyfiyyət göstəricilərinin dəqiq müəyyənləşdirilməsi, qiymətləndirmə alətlərinin təkmilləşdirilməsi və pedaqoji kollektivlərin bu sahədə davamlı peşəkar inkişafının təmin olunması zərurəti vurğulanır. Bildirilir ki, müasir şəraitdə həm nəzəri, həm də praktik səviyyədə təhsildə idarəetmənin təkmilləşdirilməsi və keyfiyyət mədəniyyətinin formalaşdırılması təhsilin davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması üçün vacib şərtdir.

Müvafiq keçidə daxil olmaqla məqalə ilə tanış ola bilərsiniz:

Ümumi təhsil pilləsində şagird nailiyyətləri təhsilin keyfiyyətinə nəzarətin əsas vasitəsi kimi