Elm və Təhsil Nazirliyi ilə “ORT İsrail” məktəblər şəbəkəsinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “İnnovativ məktəb” layihəsinin növbəti mərhələsinə start verilib. Layihə çərçivəsində İsrailin Təl-Əviv şəhərində “Təhsildə liderlik” mövzusunda təlimlər təşkil edilir və layihənin icrası Azərbaycan Respublikasının Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir.
Təlimlərin açılış mərasimində çıxış edən Azərbaycanın İsraildəki fövqəladə və səlahiyyətli səfiri Muxtar Məmmədov müəllim və direktorların gələcək nəsillərin formalaşmasında rolunu vurğulayaraq, onların bu istiqamətdə müasir bilik və bacarıqlarla təmin edilməsinin vacibliyini qeyd edib və iştirakçılara uğurlar arzulayıb.
Təlimlərdə 11 məktəbi təmsil edən pedaqoji kollektiv, Regional Təhsil İdarələrinin nümayəndələri eləcə də, ARTİ və MÜTDA əməkdaşları ilə birgə ümumilikdə 50 nəfərlik heyət müasir tədris metodologiyaları, fənlərarası layihə, analoqla və əməkdaşlıq əsasında öyrənmə, süni intellektin tədris prosesində istifadəsi kimi mövzularda praktik fəaliyyətlərə cəlb olunublar. Həmçinin, təlim iştirakçıları İsrail təhsil sistemi ilə tanış olmaq məqsədilə Təl-Əvivdə yerləşən ORT Givataim, ORT Modiin, və ORT Singalovski kimi qabaqcıl ümumi təhsil müəssisələrinə, eləcə də “Agam” və “Təl-Əviv Təbiət Tarixi” muzeylərinə səfər ediblər.
Qeyd edək ki, sözügedən təlimlər 27 oktyabr tarixində başlayıb və 13 noyabra qədər davam edəcək. Təlimlərin ikinci hissəsinin isə dekabr ayında Bakıda keçirilməsi planlaşdırılır.