Azərbaycan Respublikasının Təhsil İnstitutu “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində ümumi təhsil müəssisələrində keyfiyyətə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və tətbiqi istiqamətində fəaliyyətlərə dəstək göstərməyə başlayıb.
Bu istiqamətdə 14, 17 və 18 noyabr tarixlərində ARTİ tərəfindən Naxçıvan Muxtar Respublikasının təhsil əməkdaşları üçün onlayn təlimlər təşkil olunaraq monitorinq meyarları və alətləri ilə tanışlıq təmin edilib. Ardınca, 1–5 dekabr tarixlərində ARTİ-nin keyfiyyət monitorinqi üzrə mütəxəssislərdən ibarət heyəti Naxçıvana ezam olunub.
Səfərin məqsədi Naxçıvan Muxtar Respublikasının təhsil əməkdaşları ilə birlikdə keyfiyyət monitorinqlərinin təşkili və bu istiqamətdə praktiki-metodiki dəstəyin göstərilməsidir. Ezam olunan heyətin dekabrın 5-dək Naxçıvan Muxtar Respublikasının təhsil əməkdaşları ilə birgə müvafiq meyarlar əsasında 8 məktəbdə keyfiyyət monitorinqi həyata keçirməsi gözlənilir.
Qeyd edək ki, birgə monitorinqlər ARTİ təcrübəsinin paylaşılmasını, monitorinq meyarlarının və göstəricilərin düzgün tətbiqini praktik şəkildə nümayiş etdirməyi, həmçinin yerli heyətin keyfiyyət monitorinqini müstəqil və səmərəli şəkildə aparmaq bacarıqlarını artırmağı hədəfləyir.
Təhsil İnstitutu və Naxçıvan Muxtar Respublikası arasında ümumi təhsil müəssisələrində keyfiyyətə nəzarət mexanizmərinin qurulması sahəsində əməkdaşlığın davam etdirilməsi planlaşdırılır.