Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən 4 dekabrda ümumi təhsil müəssisələrində metodik xidmətin təşkili üzrə fəaliyyət göstərən metodistlər üçün “Dərsdə diferensial yanaşmanı necə tətbiq edək?” mövzusunda vebinar təşkil olunub.
Vebinar zamanı iştirakçılarla öncədən aparılan sorğuya əsasən dərsdinləmələr zamanı qarşılaşılan çətinliklər və bu çətinliklərin aradan qaldırılması yolları nəzərdən keçirilib, praktik nümunələr üzərində iş aparılıb. Vebinarda diferensial yanaşmanın yalnız dərsin fərdiləşdirilməsinə deyil, həm də şagirdlərin öyrənməyə motivasiyasının artırılmasına, təlim nəticələrinin yüksəldilməsinə və tədris prosesində bərabər imkanların təmin olunmasına xidmət etdiyi vurğulanıb. Həmçinin diferensial yanaşmanın tətbiqi, şagirdlərin akademik səviyyəsinə, maraq dairəsinə və öyrənmə tərzinə uyğunlaşdırılmış təlim strategiyalarının seçilməsi, çətinlik səviyyəsinə görə fərqli tapşırıqların və sualların hazırlanması, eləcə də diferensial yanaşmanın mahiyyəti barədə müzakirələr aparılıb.
Sonda metodistləri maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, metodistlər üçün vebinarların davamlı şəkildə keçirilməsi nəzərdə tutulub.