Elm və Təhsil Nazirliyi ilə “ORT İsrail” məktəblər şəbəkəsinin birgə fəaliyyət planına əsasən, Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən həyata keçirilən “İnnovativ məktəb” layihəsi çərçivəsində təşkil olunan “Təhsildə liderlik” mövzusunda təlimlər Bakıda davam edir.
8 dekabr tarixində başlayan və STEAM İnnovasiya Mərkəzində baş tutan təlimlərdə 40 nəfər pedaqoji heyət iştirak edib. Ötən ay İsrailin Tel-Əviv şəhərində keçirilmiş üç həftəlik təlimlərin davamı olan bu sessiyalar layihə əsaslı öyrənmə, bacarıq və səriştələrin qiymətləndirilməsi, öyrənmə metodları, problemlərin innovativ həlləri və kurikulumda tədris bacarıqları kimi mövzuları əhatə edir.
Beş gün davam edəcək təlimlərdə iştirakçılar qoyulan problemlərə innovativ həll yolları axtarıb, təqdim etdikləri layihələrin prototipini hazırlayıb və sonda onu sınaqdan keçirəcəklər.
Qeyd edək ki, “İnnovativ Məktəb” layihəsi Azərbaycanda digər ümumi təhsil müəssisələri üçün nümunəvi öyrənmə mərkəzlərinə çevriləcək məktəblərin yaradılmasını hədəfləyir.