Təhsil İnstitutunun Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin təşkilatçılığı ilə 2025-ci il üzrə ARTİ-nin fəlsəfə və elmlər doktoru proqramlarına qəbul olunan doktorantlar üçün növbəti elmi-metodiki seminar keçirilib.
Seminarda Elmi-pedaqoji tədqiqatlar mərkəzinin böyük elmi məsləhətçisi, dosent Asif Hacıyev “Dissertasiyanın xarakteri və dili” mövzusunda məruzə ilə çıxış edib, elmi tədqiqat işinin struktur xüsusiyyətləri, dil və üslub tələbləri, elmi etika və metodoloji yanaşmalar barədə ətraflı məlumat verib, iştirakçıların suallarını cavablandırıb. Daha sonra doktorantların tədqiqat prosesində qarşılaşdıqları bir sıra praktiki məsələlərlə bağlı müzakirələr aparılıb.
Qeyd edək ki, Təhsil İnstitutu doktorant və dissertantların elmi fəaliyyətinin dəstəklənməsi məqsədilə hər ay müxtəlif istiqamətlər üzrə mütəxəssis və tədqiqatçıların iştirakı ilə tematik seminarlar təşkil edir. Bu seminarlar doktorantların elmi tədqiqat bacarıqlarının inkişafına, dissertasiya prosesinin daha sistemli və metodoloji cəhətdən düzgün qurulmasına xidmət edir.