Dekabrın 15-də Təhsil İnstitutunun Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiri, professor İntiqam Cəbrayılovun 65 illik yubileyi ilə bağlı tədbir keçirilib.
Tədbirdə çıxış edən Təhsil İnstitutunun direktor müavini İlham Cavadov çıxışı zamanı qeyd edib ki, İntiqam Cəbrayılov 300-dən artıq elmi, pedaqoji-metodik və publisistik əsərin müəllifidir. O, pedaqogika nəzəriyyəsi və tarixi, tarixin tədrisi metodikası, eləcə də Azərbaycan tarixinin müxtəlif problemləri ilə bağlı elmi tədqiqatlar aparır.
Daha sonra çıxış edən Təhsil İnstitutunun direktor müavini Aydın Əhmədov yubilyarın ‘Qabaqcıl təhsil işçisi’ döş nişanı ilə təltif olunmasını, ‘Əməkdar müəllim’ fəxri adına layiq görülməsini həmkarların diqqətinə çatdırıb.
İnstitutun digər əməkdaşları tərəfindən İntiqam müəllimin əvəzsiz xidmətlərindən bəhs edilib, yubilyarın ünvanına xoş sözlər, təbriklər ünvanlanıb.
Sonda çıxış edən İntiqam Cəbrayılov tədbirin təşkilatçılığına görə Təhsil İnstitutunun rəhbərliyinə və həmkarlarına təşəkkürünü ifadə edib.