Tədrisin keyfiyyətinin yüksəldilməsinə yönəlmiş metodik fəaliyyətlər davam etdirilir

Tarix: 17.12.2025
Paylaş:

Tədris prosesinin keyfiyyətinin artırılması məqsədilə ölkə üzrə ümumi təhsil müəssisələrində metodistlər fəaliyyət göstərir. Metodistlərin peşəkar hazırlığı Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) Metodik Dəstək Mərkəzi (MDM) tərəfindən həyata keçirilir. ARTİ tərəfindən hazırlanmış metodistlər məktəblərdə metodik xidmətin təşkili, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və məktəbdaxili metodik mühitin gücləndirilməsi istiqamətində sistemli fəaliyyət göstərirlər.

Məktəblərdə fəaliyyət göstərən metodistlər tərəfindən həyata keçirilən əsas metodik istiqamətlərdən biri dərsdinləmələrdir. Dərsdinləmələr müəllimin real dərs fəaliyyəti əsasında tədris prosesinin müşahidə olunması və obyektiv təhlilinin aparılması baxımından mühüm metodik mexanizm hesab olunur.

Metodistlər tərəfindən keçirilən dərsdinləmələr zamanı dərsin strukturu, təlim məqsədlərinin dərs prosesində reallaşdırılması, istifadə olunan təlim metod və üsulları, şagirdlərin dərsdə fəallıq səviyyəsi və əldə olunan öyrənmə nəticələri diqqətlə izlənilir. Aparılan müşahidələr müəllimin güclü tərəflərinin və inkişaf ehtiyaclarının müəyyənləşdirilməsinə imkan yaradır.

Dərsdinləmələrdən sonra təşkil olunan reflektiv müzakirələr zamanı müəllimlərə konstruktiv və inkişafyönlü rəy təqdim olunur, tədrisin daha səmərəli təşkili üçün metodik tövsiyələr verilir. 

Qeyd olunan dərsdinləmə fəaliyyəti tədrisin keyfiyyətinin yüksəldilməsinə, innovativ pedaqoji yanaşmaların tətbiqinə və nəticədə təhsilalanların bilik və bacarıqlarının inkişafına müsbət təsir göstərir.