Ümumi təhsil müəssisələrində metodik xidmətin gücləndirilməsi və tədris prosesinin keyfiyyətinin daha da təkmilləşdirilməsi məqsədilə aparıcı metodistlər tərəfindən dərsdinləmə və metodik dəstək fəaliyyətləri həyata keçirilir. Hazırda 22 aparıcı metodist metodik xidmət istiqamətində fəaliyyət göstərir. Bu fəaliyyətlərin məqsədi metodistlərin işinin əlaqələndirilməsi, məktəblərdə həyata keçirilən metodik fəaliyyətlərin dəstəklənməsi və pedaqoji heyətlə əməkdaşlığın gücləndirilməsidir.
Aparıcı metodistlər, metodistlərin fəaliyyət göstərdiyi məktəblərə səfər edərək onların həyata keçirdikləri dərsdinləmələri və metodik görüşləri müşahidə edir, metodik fəaliyyətlərin planlaşdırılması və icrası ilə bağlı dəstək məqsədli görüşlər keçirirlər. Bu görüşlər zamanı metodistlərin qarşılaşdıqları çətinliklər müzakirə olunur, metodik fəaliyyətlərin daha səmərəli təşkili üçün tövsiyələr verilir.
Eyni zamanda metodik xidmətin mövcud olmadığı, lakin tədris prosesinin inkişafına və şagird nailiyyətlərinin artırılmasına ehtiyac olan, aparıcı metodistin kurasiyasında olan məktəblərdə də metodik fəaliyyətlər həyata keçirilir. Bu məktəblərdə aparıcı metodistlər tərəfindən dərsdinləmələr aparılır, müəllimlər və pedaqoji heyətlə dəstək görüşləri, eləcə də ehtiyaca uyğun metodik görüşlər təşkil olunur.
Dərsdinləmələr zamanı dərsin təşkili, təlim məqsədlərinin reallaşdırılması, istifadə olunan təlim metodları, şagirdlərin fəallığı və əldə olunan öyrənmə nəticələri diqqətlə izlənilir. Dərsdən sonra müəllimlər, pedaqoji heyət və məktəb rəhbərliyi ilə aparılan müzakirələrdə konstruktiv rəy və inkişafyönlü tövsiyələr təqdim olunur.
Bu metodik dəstək fəaliyyəti məktəblərdə pedaqoji əməkdaşlığın gücləndirilməsinə, metodik xidmətin mərhələli şəkildə inkişafına, tədris prosesinin səmərəli təşkilinə və şagird nailiyyətlərinin davamlı artırılmasına xidmət edir.
Qeyd edək ki, bu fəaliyyətlər mütəmadi olaraq icra olunur.