ARTİ tərəfindən “Yeni məktəbdaxili qiymətləndirmə modeli”nin tətbiqi üzrə tədqiqat aparılır

Tarix: 21.01.2026
Paylaş:

Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) Qiymətləndirmə, təhlil və monitorinq mərkəzinin Təhsildə nailiyyətlərin qiymətləndirilməsi şöbəsi tərəfindən 2025-2026-cı tədris ilinin sentyabr ayından etibarən icrasına başlanılan “Yeni məktəbdaxili qiymətləndirmə modelinin tətbiqi üzrə tədqiqat”a “Müasir metodik xidmət” layihəsi həyata keçirilən 10 məktəb cəlb olunub. Tədqiqatın əsas məqsədi yeni məktəbdaxili qiymətləndirmə qaydalarının real tətbiqi vəziyyətini öyrənmək, qiymətləndirmə prosesinin tədris mühitində necə həyata keçirildiyini müşahidə etmək və mövcud təcrübələrin təhlilini aparmaqdır. Tədqiqat çərçivəsində metodist xidməti həyata keçirilən ümumi təhsil müəssisələrinə səfərlər təşkil olunub, məktəb rəhbərliyi və metodistlərlə görüşlər keçirilib. Görüşlər zamanı məktəblərdə tətbiq olunan qiymətləndirmə təcrübələri, qarşıya çıxan çətinliklər və təşkilati məsələlər müzakirə edilib, müəllim və idarəetmə heyətinin rəy və təklifləri dinlənilib.

Tədqiqatın cari mərhələsində müəllimlərin dərsləri müşahidə olunub, formativ qiymətləndirmənin tətbiqi, rəyvermə mexanizmləri və dərs prosesində qiymətləndirmənin həyata keçirilmə xüsusiyyətləri yerində təhlil edilib. Növbəti mərhələdə isə böyük summativ qiymətləndirmə (BSQ) prosesinin təşkili və icra mexanizmlərinin müşahidə olunması, qiymətləndirmənin aparılma qaydaları və tətbiqi zamanı yaranan çətinliklərin müəyyənləşdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, tədqiqat mərhələli şəkildə həyata keçirilir və bu mərhələlər üzrə aparılan müşahidə və təhlillər məktəbdaxili qiymətləndirmə mexanizmlərinin tətbiq praktikasının sistemli şəkildə öyrənilməsinə, eləcə də əldə olunan nəticələr “Qiymətləndirmə qaydaları” toplusunun və müvafiq normativ sənədin hazırlanmasına əsas yaradır.