ARTİ tərəfindən məktəbdaxili metodik xidmətin icra olunduğu ümumtəhsil müəssisələrinin direktor müavinləri üçün təlim təşkil olunub. Təlim Bakı şəhərində ARTİ-nin aparıcı metodistləri tərəfindən keçirilib.
Təlim zamanı dərsdinləmələrin təşkili, dərsdən sonra verilən əks-əlaqə və sualların məqsədyönlü qurulması, eləcə də dərs müşahidəsi zamanı diqqət yetirilməli əsas məqamlar müzakirə olunub. Bununla yanaşı, planlaşdırma bacarıqları və öyrənmə fəaliyyətinin səmərəli təşkili kimi mühüm mövzulara da toxunulub.
Təlim sessiyaları çərçivəsində iştirakçıların fəal cəlb olunduğu praktik fəaliyyətlər də həyata keçirilib.
Qeyd edək ki, bu istiqamətdə keçirilən təlimlər silsilə xarakter daşıyır və növbəti mərhələlərdə davam etdirilməsi nəzərdə tutulur.