30 yanvar tarixində Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzinin təşkilatçılığı ilə metodik xidmətə həsr olunmuş onlayn görüş keçirilib. Görüşdə Qazax-Tovuz, Gəncə-Daşkəsən, Şəki-Zaqatala, Dağlıq Şirvan, Şirvan-Salyan, Qarabağ, Şərqi Zəngəzur, Quba-Xaçmaz, Mərkəzi Aran və Lənkəran-Astara Regional Təhsil İdarələrinin tabeliyində fəaliyyət göstərən metodistlər, aparıcı və baş metodistlər, həmçinin Metodik Dəstək Mərkəzinin əməkdaşları iştirak ediblər.
Görüşün keçirilməsində məqsəd metodik xidmətin mövcud vəziyyətinin qiymətləndirilməsi, birinci yarımil üzrə icra olunan fəaliyyətlərin təhlili, növbəti mərhələ üçün prioritetlərin müəyyənləşdirilməsi, eləcə də aparılmış monitorinqlərin nəticələrinə əsasən metodik fəaliyyətin təkmilləşdirilməsi istiqamətlərinin müzakirəsi olub.
Tədbir zamanı metodik xidmətin təşkili ilə bağlı bir sıra aktual məsələlər diqqətə çatdırılıb. Bu çərçivədə “BilBacar” müsabiqəsinin tətbiqi və əhəmiyyəti, “Müəllim inkişaf portalı” üzrə yarımillik fəaliyyət göstəriciləri, dərsdinləmələrin planlaşdırılması və təhlili, metodik görüşlərin məzmunu və effektivliyi, metodik xidmət göstərilən ümumtəhsil müəssisələrində aparılan monitorinqlərin əsas istiqamətləri, həmçinin nəticələr əsasında müəyyən edilən inkişaf ehtiyacları ətrafında müzakirələr aparılıb.
Eyni zamanda metodistlərin praktiki fəaliyyəti zamanı qarşılaşdıqları çətinliklər, mövcud imkanlar və təcrübələr paylaşılıb, metodik xidmətin daha sistemli və nəticəyönümlü təşkili ilə bağlı təkliflər səsləndirilib.
Görüş metodik xidmətin keyfiyyətinin artırılması, regionlar arasında təcrübə mübadiləsinin gücləndirilməsi və metodistlər arasında peşəkar əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli olub.
Qeyd edək ki, bu görüşlərin mütəmadi olaraq təşkili və metodik fəaliyyətin regionlar üzrə koordinasiyasının gücləndirilməsi nəzərdə tutulur.