Gənclər Günü ərəfəsində informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesində iştirak edən Azərbaycan milli komandasının üzvləri ilə görüş keçirilib. Görüş zamanı gənc istedadların beynəlxalq arenada qazandıqları nailiyyətlər, eləcə də bu uğurların əldə olunmasında mühüm rol oynayan uzunmüddətli və sistemli əməkdaşlıq modeli diqqət mərkəzində olub.
Tədbir informatika fənni üzrə istedadlı gənclərin hazırlığı istiqamətində Azərbaycan Respublikasının Təhsil İnstitutu ilə əməkdaşlıq edən “Azercell Telekom” MMC-nin təşəbbüsü ilə təşkil olunub. Görüşdə Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, “Azercell Telekom” MMC-nin Korporativ və Marketinq Ünsiyyət Vasitələri Departamentinin direktoru Sona Abbasova, milli komandanın müəllimləri və şirkətin digər nümayəndələri iştirak ediblər.
Görüş zamanı ARTİ-nin direktor müavini Fuad Qarayev “Azercell Telekom” MMC ilə qurulan tərəfdaşlığın əhəmiyyətini xüsusi vurğulamışdır. Qeyd edilmişdir ki, Azərbaycan məktəblilərinin beynəlxalq müsabiqə və olimpiadalarda qazandıqları uğurlar bu istiqamətdə həyata keçirilən məqsədyönlü, sistemli və kompleks tədbirlərin nəticəsidir və gələcəkdə daha böyük nailiyyətlərin əldə olunacağına əsaslı zəmin yaradır.
Tədbirin sonunda informatika fənni üzrə beynəlxalq olimpiadaların medalçıları sertifikatlar və hədiyyələrlə təltif olunublar.