Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi tərəfindən 5 fevral tarixində ümumi təhsil müəssisələrində metodik xidmətin təşkili istiqamətində fəaliyyət göstərən məktəbdaxili metodistlər və aparıcı metodistlər üçün “Coğrafiya fənni üzrə dərsdinləmələr zamanı diqqət yetiriləcək əsas məqamlar” mövzusunda onlayn vebinar təşkil edilib.
Tədbirinkeçirilməsində məqsəd coğrafiya fənni üzrə dərsdinləmələrin daha məqsədyönlü və sistemli şəkildə aparılması, dərs müşahidəsi zamanı təlim məqsədləri, məzmun, metodlar və qiymətləndirmə komponentlərinin düzgün təhlil edilməsi istiqamətində metodistlərin bilik və bacarıqlarının gücləndirilməsi olub.
Vebinar çərçivəsində coğrafiya dərslərində təlim məqsədlərinin kurikulum tələblərinə uyğunluğu, şagirdyönümlü yanaşma, fəal təlim metodlarından istifadə, xəritə və digər vizual resursların tətbiqi, fənn üzrə bacarıqların formalaşdırılması, eləcə də formativ qiymətləndirmənin təşkili məsələləri ətraflı müzakirə edilib.
Vebinarda dərsdinləmə zamanı müşahidə edilən tipik çətinliklər, metodistlərin diqqət etməli olduqları əsas göstəricilər, dərsə verilən rəyin inkişafyönümlü formada təqdim olunması ilə bağlı praktik tövsiyələr iştirakçıların diqqətinə çatdırılıb. İştirakçılar real dərs nümunələri əsasında aparılan təhlillərlə tanış olub, mövzu ətrafında fəal fikir mübadiləsi aparıblar.
Tədbirdə məktəbdaxili metodistlərin və aparıcı metodistlərin coğrafiya fənni üzrə müəllimlərin peşəkar inkişafında oynadıqları rol xüsusi vurğulanıb, dərsdinləmələrin nəzarət xarakterli deyil, inkişaf və dəstək yönümlü mexanizm kimi tətbiqinin əhəmiyyəti qeyd olunub.
Qeyd edək ki, Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi tərəfindən metodistlər üçün bu kimi vebinarlar və metodik tədbirlər davamlı şəkildə təşkil edilir.