Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən peşəkar inkişaf vebinarı keçirilib

Tarix: 13.02.2026
Paylaş:

Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi tərəfindən metodistlər üçün “Səmərəli əks-əlaqə” mövzusunda peşəkar inkişaf vebinarı keçirilib.

Vebinarda respublikanın müxtəlif bölgələrindən ümumilikdə 350-dən çox metodist və aparıcı metodist iştirak edib.

Vebinar zamanı səmərəli əks-əlaqənin mahiyyəti, təlim prosesində rolu, şifahi və yazılı rəyin məqsədəuyğun istifadəsi, spesifik və konstruktiv (inkişaf yönümlü) rəyin verilməsi yolları, eləcə də müxtəlif fənlər üzrə real sinif situasiyalarına əsaslanan nümunələr təqdim olunub.

İştirakçılara yanlış və qeyri-effektiv rəy nümunələri ilə düzgün və inkişaf yönümlü rəy nümunələri müqayisəli şəkildə göstərilib, şagirdin bacardığı və inkişaf etdirməli olduğu tərəfləri aydın əks etdirən rəy formalaşdırma mexanizmləri izah edilib.

Vebinar interaktiv formatda təşkil olunaraq düşündürücü suallar, situasiya tapşırıqları və müzakirələrlə zənginləşdirilib, eyni zamanda metodistlərlə müəllimlərin şagirdlərə verdiyi rəyləri necə təhlil etməli olduqları barədə praktik tövsiyələr paylaşılıb.

Vebinarın əsas məqsədi şagirdyönümlü yanaşmanın genişləndirilməsi və tədris prosesində keyfiyyətli rəyvermənin davamlı tətbiqinə nail olmaqdır.

Sonda iştirakçıların sualları cavablandırılıb və mövzu üzrə metodistlərin təklifləri dinlənilib.