Məktəbli proqramçılarımızın daha bir uğuru

Tarix: 17.02.2026
Paylaş:

 

 

7-8 fevral tarixlərində Rumıniyada keçirilən 10-cu “Info(1)Cup” proqramlaşdırma müsabiqəsinin nəticələri məlum olub. İştirakçılarımız 1 qızıl, 3 gümüş, 2 bürünc olmaqla ümumilikdə 6 medal qazanıblar. Qeyd edək ki, 16 ölkədən 189 şagirdin proqramlaşdırma üzrə biliklərini sınadığı müsabiqəyə məktəblilərimiz Azərbaycan Texniki Universitetinin laboratoriyasından onlayn qaydada qoşulublar.

Fərqlənən istedadlarımızla tanış olaq: Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Fateh Əhmədzadə – qızıl medal, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 10-cu sinif şagirdi Ömər Əliməmmədzadə – gümüş medal, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdləri Elay Verdiyev və Əkbər Əhmədov – gümüş medal, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 10-cu sinif şagirdi Atilla Mustafa və Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 10-cu sinif şagirdi Mərd Cəfərzadə – bürünc medal.

Xatırladaq ki, 2017-ci ildən etibarən məktəblilərimizin beynəlxalq fənn olimpiadaları və müsabiqələrinə hazırlıq prosesi “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir. Bu müddət ərzində Azərbaycanın bölgə və paytaxt məktəblərində təhsil alan şagirdlərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə 114 medal qazanıblar.