Dövlət Vergi Xidməti və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin əməkdaşlığı çərçivəsində Bakı, Gəncə və Lənkəran şəhərlərində peşə təmayüllü siniflərdə dərs deyən 80-ə yaxın müəllim üçün “Vergi qanunvericiliyi” mövzusunda təlimlər təşkil olunub.
Təlimlərin əsas məqsədi təhsilalanlar arasında vergi mədəniyyəti formalaşdırmaq və müəllimlərin bu sahədə metodiki bazasını müasir vergi inzibatçılığı prinsipləri əsasında gücləndirməkdir. İnteraktiv formatda keçirilən sessiyalarda vergilərin dövlətin sosial-iqtisadi inkişafındakı rolu, büdcənin formalaşması, eləcə də vergi ödəyicilərinin hüquq və vəzifələri real praktik nümunələr əsasında müzakirə edilib.
Gənc nəslin erkən yaşlardan maliyyə intizamı və vətəndaş məsuliyyəti ruhunda yetişdirilməsinə xidmət edən bu təşəbbüsün gələcəkdə daha geniş auditoriyanı əhatə etməsi planlaşdırılır.