Təhsil İnstitutunda Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin təşəbbüsü ilə “Statistikaya giriş və əsas anlayışlar” mövzusunda seminar keçirilib.
Seminarda məruzəçi qismində çıxış edən Təhsilin iqtisadiyyatı və idarə olunması şöbəsinin müdiri Tavat Muradlı statistikaya giriş, əsas anlayışlar, məlumatların toplanması və emalı üsulları, dəyişənlər, paylanmalar, orta göstəricilər və variasiya ölçüləri kimi fundamental mövzulara toxunub. Məruzəçi statistik təhlilin elmi tədqiqatlarda rolu, nəticələrin obyektiv qiymətləndirilməsində statistik yanaşmanın əhəmiyyəti barədə ətraflı məlumat verib.
Eyni zamanda, seminarda müasir tədqiqatlarda geniş tətbiq olunan statistik proqram təminatları, xüsusilə SPSS proqramı vasitəsilə məlumatların emalı və təhlili ilə bağlı praktiki nümunələr təqdim olunub. İştirakçıların diqqətinə çatdırılıb ki, statistik metodların düzgün seçilməsi və tətbiqi elmi nəticələrin etibarlılığını və elmi dəyərini əhəmiyyətli dərəcədə artırır.
Qeyd edək ki, Təhsil İnstitutunda elmi-pedaqoji kadrların hazırlığı və tədqiqat fəaliyyətinin inkişafı istiqamətində belə seminarların mütəmadi şəkildə təşkil edilməsi nəzərdə tutulur.