Aprelin 8-dən etibarən Azərbaycanda Beynəlxalq Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi Assosiasiyası (IEA) tərəfindən təşkil olunan TIMSS 2027 (riyaziyyat və təbiət elmləri üzrə beynəlxalq qiymətləndirmə tədqiqatı) beynəlxalq qiymətləndirmənin sınaq mərhələsi başlayıb.
Tədqiqatın sınaq mərhələsində ölkə üzrə 30 məktəbi təmsil edən 1000-dən çox 4-cü sinif şagirdinin iştirakı nəzərdə tutulub. Aprelin 17-dək davam edəcək qiymətləndirmə Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) və Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) birgə təşkilatçılığı ilə həyata keçirilir.
TIMSS 2027 beynəlxalq qiymətləndirmə tədqiqatı 4-cü və 8-ci sinif şagirdlərinin riyaziyyat və təbiət elmləri üzrə nailiyyətlərini beynəlxalq çərçivə əsasında qiymətləndirir. Tədqiqat şagirdlərin bu fənlər üzrə biliklərini, bilikləri tətbiqetmə və mühakimə yürütmə bacarıqlarını ölçməklə yanaşı, onların öyrənmə nəticələrinə təsir edən məktəb və təlim mühiti barədə də məlumat toplayır. Azərbaycan TIMSS 2027 tədqiqatında yalnız 4-cü sinif səviyyəsi üzrə iştirak edəcək.
Sınaq mərhələsinin uğurla tamamlanması Azərbaycanın təhsil göstəricilərinin qlobal miqyasda müqayisəli təhlili üçün zəmin yaradacaq. TIMSS 2027 tədqiqatının əsas mərhələsinin 2027-ci ilin aprel-may aylarında keçirilməsi nəzərdə tutulur. Cari sınaq mərhələsinin əsas məqsədi 2027-ci ildə keçiriləcək əsas qiymətləndirmə üçün test tapşırıqlarının və sorğuların keyfiyyətini yoxlamaq, texniki hazırlığı təmin etməkdir.