HP IDEA proqramı başa çatdı

Tarix: 17.04.2026
Paylaş:

Müəllimlərin peşəkar inkişafını və innovativ tədris yanaşmalarının tətbiqini təşviq etmək üçün Azərbaycan Respublikasının Təhsil İnstitutu ilə HP IDEA (HP İnnovasiya və Rəqəmsal Təhsil Akademiyası) tərəfindən həyata keçirilən proqramın sonuncu mərhələsi başa çatıb.

Bu beynəlxalq proqram çərçivəsində müəllimlərə texnologiya, innovasiya və pedaqogikanı birləşdirən qabaqcıl təlim imkanları təqdim edilib. Proqram ərzində sorğu və sənədləşdirmə, şagird işlərinin təhlili, fəaliyyət nəzəriyyəsi, təsiredici dizayn, insanlar və qarşılıqlı əlaqələr, layihə hekayəsinin yazılması kimi bir çox mövzular əhatə olunub.

Proqramın bağlanış mərasimində Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdir müavini, Məzmun və siyasət sektorunun müdiri Nəriman Qəhrəmanlı və HP-nin inkişaf etməkdə olan ölkələr qrupu üzrə icraçı direktoru Andriy Astashov çıxış ediblər.

Qeyd edək ki, ümumilikdə 10 aylıq dövrü əhatə edən HP IDEA proqramından müxtəlif regionlarda yerləşən 26 məktəbdən 106 müəllim məzun olub. Məzunlar HP IDEA sertifikatı, təmsil etdikləri məktəblər isə HP IDEA rəqəmsal plakatı ilə təltif olunaraq beynəlxalq HP IDEA məzunlar şəbəkəsinə qoşulublar.