TIMSS 2027 beynəlxalq qiymətləndirmə tədqiqatının sınaq mərhələsi başa çatıb

Tarix: 20.04.2026
Paylaş:

Şagirdlərin riyaziyyat və təbiət elmləri (həyat bilgisi) üzrə bilik və bacarıqlarının qiymətləndirildiyi TIMSS 2027 beynəlxalq qiymətləndirmə tədqiqatının sınaq mərhələsi başa çatıb.

Azərbaycanda TIMSS 2027 beynəlxalq qiymətləndirmə tədqiqatı 4-cü sinif şagirdləri arasında keçirilib. Bu tədqiqat iştirakçı ölkələrdə həmin fənlərin necə tədris olunduğunu daha geniş və real şəkildə əks etdirmək məqsədi daşıyır.
8 aprel tarixindən etibarən həyata keçirilən sınaq mərhələsində ölkə üzrə seçilmiş 30 ümumi təhsil müəssisəsindən 1200-dən çox şagird həm imtahan, həm də sorğu mərhələsində iştirak edib. Eyni zamanda, 1200-dən çox valideyn, 66 müəllim və 30 məktəb rəhbəri də müvafiq sorğularda iştirak edib.

TIMSS 2027 çərçivəsində kurikulumun məzmunu və onun tətbiqi ilə bağlı ətraflı məlumatlar toplanır, eləcə də təhsil mühitinə təsir edən müxtəlif amillər haqqında praktiki məlumatlar əldə olunur.

TIMSS 2027 beynəlxalq tədqiqatı Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (IEA) tərəfindən təşkil olunur və Azərbaycanda Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir.

Beynəlxalq qiymətləndirmə tədqiqatının əsas mərhələsinin 2027-ci ildə keçirilməsi nəzərdə tutulur.