ARTİ bölgələrdə müəllimlərlə silsilə görüşlərə başlayır

Tarix: 24.04.2026
Paylaş:

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) tərəfindən bölgələrdə təhsil ictimaiyyəti ilə dialoqun gücləndirilməsi məqsədilə planlaşdırılan silsilə görüşlərin ilk ünvanı Quba rayonu olub.

Elm və təhsil nazirinin müşaviri, ARTİ-nin direktor əvəzi Elnur Əliyev, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev və ARTİ-nin mütəxəssis heyəti Quba rayonu Bayram Şixəmirov adına Zərdabi qəsəbə tam orta ümumtəhsil məktəbində müəllimlərlə görüşüblər.

Görüşdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin Azərbaycan dili və ibtidai sinif müəllimləri iştirak ediblər. Görüş zamanı müəllimlərin peşəkar inkişaf ehtiyacları, dərsliklərin məzmunu və tətbiqi, metodik vəsaitlərin effektiv istifadəsi, kurikulumun icrası zamanı yaranan praktik çətinliklər müzakirə olunub. Müəllimlər mövcud problemləri səsləndirməklə yanaşı, tədrisin daha səmərəli təşkili, dərsliklərin yaş səviyyəsinə uyğunlaşdırılması və şagird yönümlü strategiyalarla bağlı təkliflərini bölüşüblər.

ARTİ-nin nümayəndə heyəti bölgələrdə işləyən müəllimlərin ehtiyaclarını yaxından öyrənmək, onların peşəkar inkişaf imkanlarını genişləndirmək və metodik dəstək mexanizmlərini təkmilləşdirmək üçün müvafiq addımlar atılacağını bildirib.

Müəllimlərlə bərabər şagirdlərlə də görüşən ARTİ rəhbərliyi onların əl işlərindən ibarət sərgiyə baş çəkib, məktəblilərin yaradıcılıq potensialları və məktəb mühitinə adaptasiya səviyyələri ilə tanış olub.