Aprelin 21-də Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Zəkaların mübarizəsi” olimpiadasının regional mərhələsi baş tutub.
Yarış Bakı şəhəri və Naxçıvan MR daxil olmaqla 14 müxtəlif regionda təşkil edilib və Bakı şəhərinin hər bir rayonundan 1 komanda olmaqla 12 komanda, Naxçıvan MR-dan 12 komanda, bütün regionlardan isə 64 komanda olmaqla, ümumilikdə hər istiqamət üzrə 88 komanda iştirak edib. Bilik yarışı üzrə finalda iştirak hüququ əldə edən komanda sayı 18, iştirakçı sayı isə 108 nəfər olub.
Olimpiadanın bilik yarışında məktəblilər riyaziyyat, rəqəmsal texnologiyalar, təbiət və humanitar elmlər, mədəniyyət və incəsənət sahələri üzrə sualları cavablandırıblar.
Olimpiadanın final mərhələsində aşağıdakı şəhər və rayonlardan olan komandalar iştirak edəcək:
Bilik yarışı istiqaməti üzrə – Bakı şəhərinin Səbail, Nizami, Xəzər, Yasamal, Nərimanov rayonları, Gəncə, Lənkəran, Naxçıvan şəhərləri, Abşeron, İsmayıllı, Kürdəmir, Saatlı, Ağcabədi, Gədəbəy, Xaçmaz, Oğuz, Zəngilan, Salyan rayonları.
Davam edən şahmat turniri üzrə – Gəncə, Naxçıvan, Lənkəran, Şəki şəhərləri, Ağcabədi, Ağsu, Beyləqan, Ucar, Quba, Cəbrayıl, Neftçala rayonları.